FİKRƏT QOCA, Fikrət Göyüş oğlu Qocayevin ədəbi adı (d. 25.8.1935, Ağdaş r-nunun Kotanarx k.) — Azərbaycan şairi. Azərbaycan Respublikası xalq şairi (1999). Azərbaycan Respublikası əməkdar incəsənət xadimi (1978). Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu bitirmişdir (1964).

1956 ildən mətbuatda çap olunur. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yİ-nda beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan YB-nin katibidir.

“Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadağım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) və s. Şer və poema toplularında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr əksini tapmışdır.

Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto (Çe) Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi A.Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı X.Risal (“Xose Risal”), vyetnamlı gənc (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərb.-da gedən azadlıq mübarizəsindən bəhs olunur. Nəsr əsərləri də yazmışdır. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, - qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şerlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.), Mahnı bəstələnmiş şerlərindən ibarət “Eldən elə - dildən dilə” toplusu çıxmışdır (1988),

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə “Humay mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur (1995).

Əsərləri: Ömürdən səhifələr, B., 1984; Mavi dünyanın adamları. B., 1988; Taleyin ağır taleyi, B., 1990; Seçilmiş əsərləri, B., 1988; Sükutun səsi, Tehran, 1991; Stixi, M., 1966; Od gəlini (latış dilində), Riqa, 1969; Üvetı zimoy, M., 1969; Noçnaə vaxta, M., 1982; Nebo smotrit v more, M., 1982.