POEZİYA GECƏSİ

Fikrət Qocanın yeni söz, yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizədə onun hansı ənənə qaynaqlarından su içdiyini sezmək asan deyil. Bu o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. F.Qoca heca vəzni ilə yetərlənmir, fikir və hisslər tüğyanı məqamında vəzni qırır, ahəngdarlığı, zövqü, bədii səliqəni qorumaq şərtilə yeni ritmə keçir, bədii mətn içində sabit mövqeyini dəyişməkdən qorxmur, müqəyyəd qafiyələr ilə yanaşı yeni qafiyələr işlədir. buna görə də, məsələn, «çay» sözünə gətirilən «vay dədə vay» qafiyəsi gözlənilməz və gözəl təsir bağışlayır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

Xəlil Rza,
23 sentyabr, 1968.

* * *

…Fikrət Qocanın şerlərində məni sevindirən bu şerlərin əksəriyyətində olan qüvvətli yenilik hissidir… Onun ən yaxşı şerlərində mədəni bir şairin, ürəyi sözlə dolu… bir insanın, nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik.

Rəsul Rza

MƏRDLİK

Xalqımız da, başqa ölkələrdəki minlərcə oxucu da Fikrət Qocanı böyük istedad sahibi, gözəl şair kimi sevir. Fikrəti yaxından tanıyanlar, o sıradan da mən, onu yalnız bənzərsiz sənətkar, dillər əzbəri olmuş şerlərin müəllifi kimi deyil, həm də nadir bir insan kimi qiymətləndiririk — özü bütöv, sözü bütöv, alicənab və gözü tox şəxsiyyət kimi, etibarlı dost kimi sevirik.

Anar

* * *

…Sənət aləmində özün kimi yerimək, özünə sadiq qalmaq əsas şərtlərdən biridir. Axı, hər insan bir dünyadır. Fikrət bu böyük gerçəkliyi ilk addımlarından çox gözəl başa düşdü. «Hər ürək oxunmamış bir kitabdır», «hər üzün qırışında bir ömrün hekayəti» gizlənirsə, bu sirli dünyadan söhbət açmaq istəyən sənətkar da o aləmə öz qəlbinin pəncərəsindən baxmaya bilməz. Beləliklə, eyni insan qəlbinin çırpıntıları hər sənətkara başqa sözlər pıçıldayır və sənətkarların baxış əlvanlığı sənətin əlvanlığını yaratmış olur. Bu baxış əlvanlığı içərisində Fikrət yalnız deyim tərzi ilə deyil, düşüncə tərzi ilə də seçilir. Daha doğrusu, deyim tərzi düşüncə tərzindən doğur.

Bəxtiyar Vahabzadə

* * *

Deyirlər ki, Fikrət Qoca poeziyası intellektual poeziyadır. Mən də bu fikirlə şərikəm. Bəs, onda, o hansı şairdir ki, şerlərinə, əsərlərinə ağılın, kamalın ziyası süzülməsin? Fikrət Qocanın şerləri ritorikadan, şüarçılıqdan, qoşmaçılıqdan (klassik qoşmanın dəxli yoxdur), uzaq, sözün, fikrin, hadisənin, təsvirin mahiyyətinə varan poeziyadır.

Qabil

* * *

Şairin ən uğurlu şerləri əslində keçdiyimiz yollar, dünənimiz, bugünümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllardır. Onların sevinc doğuranları da var, kədərləndirən, düşündürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha da çoxdur. Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimizdəndir… F.Qocanın çox iti, dəqiq müşahidə qabiliyyəti var. Şerləri belə bir fikri söyləməyə əsas verir ki, adamın bu üzünə baxanda o biri üzünü də görür…

Bəkir Nəbiyev

* * *

Fikrətin musiqi yazdığım şerlərində ruhumuzun daşıyıcısı olan nə qədər əlvan və hərarətli sözə, ifadəyə rast gəlməkdəyəm.

Ramiz Mirişli

* * *

Bir vaxt onun qələmindən çıxıb, indi səhifə-səhifə kitaba dönmüş hər misranın, hər kəlmənin yanında mən öz Fikrətimi görürəm: yerişini-duruşunu, bu dünyaya hərdən heyran-heyran, həzin-həzin tamaşa eləyən, hərdən də hiddətlə, heyrətlə baxan — iri, yolçəkən gözlərini… Fikrətin dediklərini oxuya-oxuya mən onun dediklərini də eşidirəm: bir də buna görə Fikrətə kənardan baxmaq — mənim işim deyil.

Əkrəm Əylisli

* * *

O, yalnız milyonların sevdiyi şair deyir. F.Qoca şerləri və nəğmələri çoxdan xalq tərəfindin sevilən əsl xalq şairidir. O, həddən artıq düz və bütöv adamdır.

Çingiz Abdullayev

* * *

Fikrət Qocanın şerləri lap ilk şerlərindən tutmuş indiyə qədər sadəlikdən, zəngin bədii təsvir elementlərindən və müdriklikdən yoğrulmuşdur. Yeniliyə meyl onun canındadır. Şer — azad olmalıdır. Budur, məhəbbət.
Azadlıq ən böyük nemətdir. Ömrümüz boyu can atdığımız azadlıq zərrə-zərrə səpilib Fikrətin şerlərinə.

Fikrət Sadıq

FİKRƏT QOCAYA GÜLMƏK YARAŞIR…

F.Qoca poeziyasında da mizə gərilib gülən F.Qocaya bənzəyir. Bəzən misra gülür, bəzən beyt, bəzən də bənd gülür. Amma bir az da diqqət kəsiləndə görürsən ki, bütövlükdə şer gülmür, onun hər bir əsərində dərd, kədər, qüssə var: həyatda olduğu kimi, insanın insan olduğunu unutdurmayacaq qədər… Elə bir buna görə şair olmağa, F.Qoca ömrü yaşamağa dəyərmiş.

Arif Əmrahoğlu

* * *

Çağdaş Azərbaycan şerinin istedadlı nümayəndələrindən biri olan Fikrət Qocanın poeziyasında da məhz onun şəxsiyyəti ifadə edilmişdir.

Vaqif Yusifli

* * *

F.Qoca öz şəxsi nümunəsilə özündən sonra gələn ədəbi nəsillərə şer yazmaqdan əlavə səmimi, sədaqətli, diqqətli, səxavətli, bütöv olmağı, sözü üzə deməyi, dalca danışmamağı, yaxşı dostluğu, yoldaşlığı, bir sözlə, insanlığı öyrədib.
Öyrətməyinə öyrədib, ancaq öyrənə bilmişikmi?

Maarif Soltan

* * *

Bizdə ədəbi inkişaf elədir ki, nəsr təfəkkürü ardıcıl olaraq şer təfəkküründən qidalanır. Lakin Fikrət Qocanın poetik marağı elədir ki, bir sıra hallarda nəsr materiallarına da nüfuz edir, poeziyada nəsr kökündə də düşünür, eksperimentlər aparır, bütün eksperimentlər isə əsasən bir məqsədə — klassik normativliyi zədələmədən şer təfəkkürünün hüdudlarını genişləndirmək məqsədinə xidmət edir.

Nizami Cəfərov

Çox hörmətli Fikrət müəllim!

Sizin kimi görkəmli və tanınmış Azərbaycan şairinin və yazarının şəxsi saytının açılması Azərbaycan ədəbiyatının daha bir uğuru hesab edilməlidir. Əsərlərinizin oxunuş dairəsinin bir neçə qat artdığını düşünsək və düşünsək ki, bu çoğrafi genişlik həm də bizim Sözə hörmət edən, Sözün məkanını bilən bir şairə xidmət edir, o zaman qürurlanmaqdan başaq bir şey qalmır.
Ekonomik sıxıntı içində olan və artıq dünyanın bir parçasına çevrilən Azərbaycan insanının dünyaya səpələndiyi bir faktdır. Sizin saytınızla yaradıcılığınıza maraqdan doğan sıxıntı artıq yox olmuş və dünyanın bir çox qabaqcıl inkişaf etmiş öləkələrində Sizin - poyeziyamızda və nəsrimizdə yeri olan bir Şəxsin tanınma məkanı daha da genişlənmişdir.
Bu diqqətəşayan bir faktdır. Bu münasibətlə Sizi ürəkdən təbrik edir və əsərlərinizin daha da geniş üfiqlərə çıxmasını arzulayıram.

Tofiq ABDİN